Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə çox maraqlı fikirlər söylədi. Dövlət başçısı Ermənistanla münaqişənin tarixinə, Ermənistanın problemin sülh yolu ilə həlli məsələsindən yayındığına və nəticə etibarilə Azərbaycanın öz rəşadətli ordusunun gücü ilə bu problemi həll etdiyinə dair vacib fikirlər səsləndirdi. Cənab Prezident orada mühüm mesajlar verdi, gələcəklə bağlı hədəf və planlar açıqlandı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə erməni terrorçularını, faşistlərini Azərbaycan torpaqlarından qovdu, ərazi bütövlüyümüzü bərpa etdi.
Uzun illərdir beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Allah zəfərimiz yolunda canını qurban verən şəhidlərimizi rəhmət etsin! Qazilərimizə isə şəfa diləyirəm. Qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bununla paralel olaraq dövlətimiz öz ordusunu gücləndirir və Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, Azərbaycan Türkiyə ordusunun modelində öz ordusunu müasir tələblərə cavab verəcək formada yenidən quracaq. Cənab Prezidentin çıxışında da bir mesajı eşitdik ki, ən müasir texnikaların əvvəl olduğu kimi indi də Azərbaycan Ordusunun inventarında yer alacağı şərtsizdir və bununla bağlı aidiyyəti şirkətlərlə anlaşmalar var. Dövlətimiz bu günə qədər necə düzgün siyasət həyata keçiribsə, bundan sonra da bu uğurlu siyasət davam etdiriləcək və regiondakı gücünü, qüdrətini, nüfuzunu qoruyub saxlayacaq. Əldə olunan bu üstünlük bizə imkan verəcək ki, hər zaman güclü olaraq qalaq. Ancaq təəssüflər olsun ki, kapitulyasiya aktını imzalayan Ermənistan bu günə qədər hələ də reallıqları qəbul edə bilmir, qəbul etsə belə, bunu həzm edə bilmirlər.
Ermənistan bu mövqeyini davam etdirəcəyi təqdirdə, Azərbaycan istənilən an dəmir yumruğu işə sala, öz ordusunun gücündən istifadə edə bilər: “Ancaq bizim tək istəyimiz və məqsədimiz regionda uzunmüddətli sülhün bərqərar olmasıdır. Çünki Azərbaycan dövləti, cənab Prezidentimiz qarşımıza qoyulan missiyanı artıq yerinə yetirib. Biz ərazi bütövlüyümüzü bərpa etmişik, bu gün bizim qarşımızda duran əsas hədəf bərpa və quruculuqdur, Qarabağa qayıdışı həyata keçirməkdir. Bununla bağlı da silsilə tədbirlər həyata keçirilir. Ermənistan tərəfindən viran qoyulan, talanan, dağıdılan, yandırılan, məhv edilən ərazilərimizin bərpası üçün işlər görülür və ən qısa zamanda xalqımız Ali Baş Komandanın rəhbərliyi altında bunun da öhdəsindən layiqli formada gələcək. Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini işlətməmək, bu münaqişənin bitdiyini və tarixdə qaldığını etiraf etmək, revanşist fikirlərindən tamamilə əl çəkməkdir.
Ermənistan bu gün ağır yükə çevrilir. Bu yükü isə heç kim daşımaq istəməz.
bu günə qədər bir sıra xarici maliyyə və hərbi dəstəklərlə, ianələrlə ayaqda qalan Ermənistan artıq yük olaraq lazımsız hala çevrildikcə, başqa dövlət və təşkilatlardan, hətta öz diasporlarından da lazımi dəstəyi ala bilməyəcək: “Bu baxımdan da Ermənistanın tək çıxış yolu Azərbaycanla əlaqələrini yaxşılaşdırmaq və Azərbaycan sərhədlərini tanımaqdır. Həmçinin Azərbaycanın bu günə qədər reallaşdırdığı beynəlxalq layihələr və kommunikasiya xətlərindən istifadə edə bilmək üçün region dövlətlərinə müraciət etmək, dövlətimizə digər beynəlxalq layihələri reallaşdırmaq üçün, xüsusilə də Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlamasını təmin etmək üçün Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi vacibdir. Əks təqdirdə Ermənistan özünü təcrid edəcək, bugünkü düşdüyü çətin iqtisadi durumdan və siyasi gərginlikdən heç zaman çıxa bilməyəcək.
Biz çox xoşbəxtik ki, ordumuzun 103 illiyini sevinc içərisində, şərəflə qeyd etdik. Bu gün əsgər və zabitlərimizin, bütün xalqımızın başı dikdir. Şükürlər olsun ki, bizə qarşı edilən hücumların, törədilən soyqırımıların qisasını döyüş meydanında rəşadətli ordumuz aldı. Biz tarixi heç zaman unutmayacağıq. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz Xocalı faciəsini, erməni vandallarının torpaqlarımızda həyata keçirdikləri hərbi cinayətləri, dini-mədəni abidələrimizə qarşı həyata keçirdikləri vəhşilikləri unutmayacağıq. Eyni zamanda biz heç vaxt imkan verməməliyik ki, ermənilərin törətdiklərini gələcək nəsillər unutsunlar. Biz bunun qisasını almışıq, ermənilərə hələ yüz illər boyu unuda bilməyəcəkləri zərbəni vurmuşuq. Beynəlxalq hüquqa söykənərək biz öz ərazilərimizi işğaldan azad etmişik. Ermənilər də bütün bunlardan nəticə çıxararaq gələcəkdə daha ağır və rəzil vəziyyətə düşməmək üçün öz öhdəliklərini yerinə yetirməli, Azərbaycanla sülh danışığına hazır olduqlarını bəyan etməlidirlər. Əks təqdirdə, Ermənistan bu şansını da itirə bilər.
Ruslan Abasov, Moranlı kənd sakini, müəllim