İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin hərbi gücünü və müasirliyini, azərbaycan xalqının iradəsini və birliyini göstərdi. 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlamasına baxmayaraq, Ermənistanın yeni savaşa başlamasının əsl səbəbləri araşdırılmalıdır. Son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur.
Özü haqqında məğlubedilməzlik sindromu yaradan, qısa müddət ərzində darmadağın edilən Ermənistan silahlı qüvvələrinə və dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Bu müharibədə dövlətimizin başçısı qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Müzəffər Ali baş komandanımızın prinsipial mövqeyi, düşünülmüş siyasəti nəticəsində rəşadətli ordumuz tarixə parlaq və şanlı zəfər yazdı.
Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri Ermənistanı qaçılmaz məğlubiyyətə gətirdi. Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar. Məsuliyyətsiz ölkə siyasi, iqtisadi və istənilən digər əməkdaşlıq istiqamətləri üzrə beynəlxalq münasibətlər sistemində maraqlı tərəfdaş kimi çıxış edə bilməz.
Elnur Azadxanov, Göytəpə şəhər sakini, ziyalı