• Şb. Noy 23rd, 2024

FACİƏLƏRİMİZ UNUDULMAYACAQ

ByYenigun.news

Apr 28, 2021

ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı aprelin 24-də verdiyi bəyanat tarixi həqiqətlərin təhrif olunmasıdır. Tarixi təhrif edərək ortaya atılan və baş verməyən bir qondarma “soyqırımı” məsələsinə “ciddi” yanaşan xarici dövlətlər və ya dairələr nə üçün cəmisi 30 il öncə baş vermiş Xocalı soyqırımına əsl qiyməti vermirlər? Bu, bir daha dünyada fərqli standartların olmasından xəbər verir: “Ermənilər 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda, Zəngəzurda, Göyçayda və digər regionlarımızda on minlərlə günahsız insanı, 1992-ci ilin fevralın 26-da Xocalıda yüzlərlə dinc əhalini, uşağı, qocanı qətl edib, bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədiblər. Hər zaman vəhşiliyi, vandalizmi özünün dövlət siyasəti kimi qəbul edən, işğalçılığı, terrorizmi özünün ən ali məqsədi sayan ermənilər dünyada özlərinin məzlum obrazını yaratmaq istəyirlər. Ermənilər qondarma “soyqırımı” iddiaları kimi yalanlar üzərindən özlərinə yeni tarix yazmaq niyyətindədirlər. Amma bu baş tutmayacaq. Çünki tarixi təhrif edib yenidən yazman cəhdi yolverilməzdir. Ona görə ki, 1915-ci il hadisələrinə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.

    İnsanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmə gətirməyə çalışırlar: “Saxta erməni tarixçiləri nə vaxtsa “böyük Ermənistan” adlı dövlətin mövcud olmasını iddia edir və bu uydurma dövlətin ərazisinin Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları olduğunu göstərirlər. Özlərini erməni adlandıran bu etnosun tarixinə nəzər saldıqda onların çox zaman böyük dövlətlərin hakimiyyəti altında olduğunu, “böyük Ermənistan” adının çəkildiyi tarixdə bu adda dövlətin mövcud olmadığının şahidi oluruq. İlk mənbələr sübut edir ki, tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin dəqiq mənbələrə söykənən dəlilləri olmadığı üçün cızmaqaralarının heç bir elmi əsası yoxdur. Aydın məsələdir ki, təcavüzkar erməni millətçiləri yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətini dünyada erməni birliyini bir arada tutmağa çalışan “erməni soyqırımı” pərdəsi arxasında gizlətməyə çalışıblar. Onlar yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı” iddiasının iç üzü ortaya çıxsa erməni birliyi dağılmış olar, erməni lobbisinin, və onlara havadarlıq edən bəzi böyük güclərin siyasi ambisiyalarının məkrli planları baş tutmaz.
   Qardaş Türkiyəyə dəstək naminə Azərbaycanda növbəti dəfə siyasi həmrəylik nümunəsi yaşandı. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvidə qurulduğunun növbəti sübutu və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür.

Fəxri Muradov, Cəlilabad rayon sakini, Ziyalı, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir