• Bz. Noy 24th, 2024

Fenomenal siyasətçi, yaradıcı dövlət xadimi

ByVuqar Ferzeliyev

Mar 2, 2023

Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, siyasi – ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.
Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Böyük düha sahibi bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə ölkənin qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş ulu öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər o zaman Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bütün çətinliklərə, manelərə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

Rahib Kərimov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir