2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Rəmzi məna. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur.
Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır.
Ramil Əmənov,
Cəlilabad Rayon İcra Hakimiyyəti Yanında İctimai şuranın sədri