Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, idmançılarımız bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışdırlar.Və bu çox yaxşı nəticədir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Hidayət və Zelimin həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.
İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq. Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildilər.
Gülnarə Mirzəliyeva
Saatlı MKS-nin əməkdaşı