• Ç. Dek 25th, 2024

Göyçə mahalı da, Zəngəzur da Azərbaycan diyarı olubdur 

ByVuqar Ferzeliyev

Dek 27, 2022

        1996-cı il aprel ayının 1-də, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşündə Ulu öndər Heydər Əliyev demişdi: “Mən həmişə belə fikirdə olmuşam. Azərbaycan Prezidenti kimi də bunu dəfələrlə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da.” 

        Biz hər zaman həqiqəti deyirik. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.

Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox xaricdəki havadarları, arxalarında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışlar.

Lakin Prezident cənab İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan ziyalıları ilə görüşdə dediyi kimi, heç kim bizə təsir göstərə bilməz. İkinci Qarabağ müharibəsi, müharibədən keçən iki il bunu göstərdi. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Biz bu zənglərə sadəcə olaraq, siyasi nəzakət naminə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək. Biz vətəndaşlar bu sahədə də hamılıqla cənab Prezidentimizin arxayıq. Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq. Möhkəm əminik ki, Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq.

Gülayə Məmmədova,

Cəlilabad rayon Göytəpə şəhər

1 saylı körpələr evi-uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir