TDT dövlət rəhbərlərinin Budapeşt Zirvə görüşü Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu arada bütün istiqamətlər üzrə verilən mesajlar Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvi şəkildə səsləşir.
21 may 2025-ci ildə Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Görüşdəki çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev vurğulayıb ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır.
Bu proses sözdə deyil, əməldə həyata keçirilir. Türk dövlətləri ilə əlaqələrimiz gündən-günə artır, birliyimiz möhkəmlənir. Biz beynəlxalq miqyaslı tədbirlərdə bunun bariz təzahürünü görürük. Məsələn, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir.
Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.