Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açıb. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Məhz bu şirkətlə əməkdaşlığın ilk nümunəsi olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oktyabrın 26-da olub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Bu uğur vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsidir. Siyasi iradə və cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır.
Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışnda həyata keçirilən tədbirlərin perspektivlərindən geniş bəhs etmişdir. Azərbaycanda çox gözəl investisiya iqlimi var. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq.
Tədbir çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” imzalanmışdır.
Mübariz Tağıyev,
Cəlilabad rayon Hamarqışlaq kənd
tam orta məktəbin direktoru