• Ca. Yan 8th, 2026

Gücümüz qardaş və dost xalqların birliyindədir

ByVuqar Ferzeliyev

Yan 7, 2026
  2025-ci ildə Azərbaycan Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmişdir ki, bu da nadir hadisə sayıla bilər. Coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var ki, artıq bu ölkələr yekdilliklə bizi təşkilatlarına tamhüquqlu üzv seçdilər. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. 
  Bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Ona görə bu sahəyə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə yüklərdən söhbət getmir. 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlamışlar. Yəni bu bağlantılar, fiber-optik kabelin Xəzərin dibi ilə çəkilməsi və bir çox digər layihələr olacaq -. Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər.
  Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Çünki bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Bu isə ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Qəbələdəki Zirvə Görüşündə Prezident İlham Əliyev təklif etmişdi ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin və  buna praktik nöqteyi-nəzərdən ehtiyac var. Bu əsasda hazırda  üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçirilir. 
    Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti emosiyalar üzərində deyil, milli maraqlar, güc balansı və praqmatik hesablamalar üzərində qurulub. Nəticə etibarilə, yanvarın 5-də keçirilmiş  müsahibə təkcə ötən ilin yekunlarına baxış deyil, həm də Azərbaycanın gələcək siyasi, hərbi və iqtisadi kursunun aydın manifesti kimi qiymətləndirilə bilər.


                                                                                Şirinəli Kazımov,
                                Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Əliqasımlı kənd 
                                inzibati ərazi dairəsi üzrə nümayəndəsi