• Şb. Dek 6th, 2025

Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq

ByVuqar Ferzeliyev

Noy 13, 2025
  Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
   Dövlət başçısı yeni təyin olunan şəxslərin etimadı doğruldacaqlarına əminliyini ifadə edib: "Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz.
  Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq.
  Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. İlham Əliyev bildirib ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar.
   Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri