Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında Ukrayna barəsində xoş fikirlər səsləndirib. Prezidentin dedikləri Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq.
Prezident qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi – çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı. Münaqişəsonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.
Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Biz başa düşürdük ki, bu, çətin olacaq. Birincisi, relyef. Siz Füzulidən buraya gəlmisiniz. Füzuli şəhəri oktyabrın 17-də azad olunmuşdur. Bundan sonra bizim Silahlı Qüvvələrimiz yol olmayan ərazilərdən piyada keçərək Xankəndi ətrafına, Şuşa qayalarına doğru hərəkət etdilər. Biz ölümə gedirdik, irəlidə 5-6 müdafiə xətti var idi.
ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular.
. Bizim Qələbəmiz, ədalətli və tam qələbədir, – göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır.
Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.
Vahid Mirzəyev,
Cəlilabad bələdiyyəsinin sədri