Heydər Əliyevin azərbaycanlıların qəlbində özünə əbədi abidə ucaltmış böyük bir şəxsiyyətdir. Zaman keçdikcə biz onun şəxsiyyətinin böyüklüyünü və əzəmətini daha aydın görürük. Bu dahi insan Azərbaycan incəsənətini və musiqisini ürəyi qədər sevirdi. Ulu öndər demişdi: “Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır.”
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur. “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Dahi bəstəkar 23 yaşında yaratdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Himnin musiqisi çox cazibədardır, gözəldir. Bu fikirlər də Ulu Öndərə məxsusdur.
Ulu Öndərin müğənni Müslüm Maqomayev haqqında dedikləri xatirimizdədir. O, deyirdi ki Müslüm özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi.
Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir
Bir sözlə, Ulu Öndər Heydər Əliyev şəxsiyyəti ilə həmişə insanlara nümunə olub. İradəsi, möhkəm hafizəsi, qətiyyəti, istedadı ilə diqqəti cəlb edib. İxtisasca tarixçi olsa da, bütün sənətlərin sahibləri ilə öz dilində danışa bilirdi.
Elnur Atakişiyev,
Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad nümayəndəliyi