• Ça. Noy 26th, 2024

Heydər Əliyevin azərbaycançılıq məfkurəsi

ByVuqar Ferzeliyev

İyn 20, 2022

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15- dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. 24 iyun 1993-cü il tarixdə Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xarüqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.
O, xilaskarlıq üçün doğulmuşdu, bütün ömrünü bu işə sərf etdi, xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O, xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır.
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarmızı azad edərək xalq olaraq bizə Zəfər qazandırdı. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.

Cahangir Muradov, ağsaqqal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir