Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Həm qarşılıqlı səfərlər, həm də dövlət başçısı İlham Əliyevin iştirak etdiyi tədbirlər dinamikliyi ilə diqqətdədir. Bunun üçün təkcə son aylarda qeyd olunan istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər etdi. Bu tədbirlər, eyni zamanda, öz növbəsində onların keçirildiyi ölkələrlə Azərbaycanın münasibətlərinə işıq saldı. Tədbirlər çərçivəsində diqqətçəkən və qürurverici məqamlardan biri qarşı tərəflərin müraciətləri əsasında Prezident İlham Əliyevin çoxsaylı görüşlər keçirməsidir. Bu baxımdan Düşənbə səfəri də mühüm əhəmiyyət kəsb etdi.
Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı çıxışında deyilir ki, Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Ümumiyyətlə, Azərbaycan MDB çərçivəsində əməkdaşlığı regional inteqrasiya, iqtisadi əlaqələrin genişlənməsi və təhlükəsizlik məsələlərinin koordinasiyası baxımından dəyərli hesab edir. Son illərdə MDB məkanında Azərbaycanın rolu təkcə iqtisadi sahədə deyil, həm də siyasi və mədəni səviyyədə artmaqdadır. MDB platforması həm də ölkəmizin regional təhlükəsizlikdə, nəqliyyat marşrutlarının şaxələndirilməsində və kollektiv qərarvermə proseslərində səsini eşitdirmək imkanı yaradır. Bu baxımdan Düşənbə səfəri iqtisadi tərəfdaşlıqla yanaşı, təhlükəsizlik və diplomatik koordinasiya baxımından da önəmlidir.
Səfər zamanı mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrıldı. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Əminik ki, bu danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq.
Özal Kazımov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı