• C. Yan 17th, 2025

İki ölkə arasında imzalanan sənədlərin gələcək əlaqələrin inkişafına töhfələr verəcəyi şübhəsizdir

ByVuqar Ferzeliyev

Noy 23, 2023

Azərbaycanla İraq arasındakı münasibətlərin qədim kökləri var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər. İraq 2 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 30-da qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.

İndiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin  suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra İraqın dövlət başçısı respublikamızda rəsmi səfərə gəlməmişdi. Bəhs olunan səfərin reallaşması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı ölkəmizə gələn İraq Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət qarşı tərəfdən məmnunluqla qəbul olunub.

Bildiyimiz kimi, respublikamız region və Avropa İttifaqı məkanına daxil olan ölkələrlə əlaqələri dərinləşdirməklə yanaşı, geniş İslam coğrafiyasında həmrəyliyin möhkəmlənməsində də mühüm rol oynayır. Bu baxımdan, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlməsi də mühüm əhəmiyyət daşıyır.  Dost ölkənin dövlət başçısının ölkəmizə reallaşan  ilk rəsmi səfəri kifayət qədər məhsuldar keçib. Belə ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hər iki ölkənin gündəliyinin mühüm məsələləri qarşılıqlı olaraq təqdim edilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında İraqın dövlət başçısının ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.

Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Bildirildiyi kimi, əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Təsadüfi deyil ki, səfər çərçivəsində aparılan müzakirələrdə tərəflər  bir çox fəaliyyət sahələrində, o cümlədən infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizmin, təhsilin və digər sahələrin təşviqi ilə bağlı xoş niyyətlərini ifadə ediblər. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanları var. İki ölkənin paytaxtları  arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə Azərbaycandan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərin həyata keçiriləcəyi gözlənilir. 

İraq Prezidentinin ölkəmizə səfəri zamanı diqqətçəkən məqamlardan biri də iki ölkə arasında imzalanan sənədlər oldu ki, bunun da gələcək əlaqələrin inkişafına töhfələr verəcəyi şübhəsizdir. Ölkələr arasında birbaşa aviareyslərin təşkil olunması, vizaların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müzakirələr, sosial, turizim sahələrində Anlaşma Memorandumunun imzalanması uğurlu əməkdaşlıq üçün geniş imkanlar açacaq. Bir sözlə səfər çərçivəsində imzalanan sənədlər hər iki tərəfin əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir.

Abdulxeyir Nəcəfov,

Salyan rayon Marışlı kənd tam orta məktəbinin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir