XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Cənubi Qafqazda geosiyasi vəziyyət kəskin dəyişdi. Ermənistan–Azərbaycan münaqişəsi bu dövrdə regionun ən qanlı müharibəsinə çevrildi. Ermənilər xarici havadarlarının dəstəyi ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20%-ni — Dağlıq Qarabağ və ətrafındakı yeddi inzibati rayonu işğal etdilər. Bu işğal təkcə hərbi gücün deyil, həm də güclü siyasi və logistik dəstəyin nəticəsi idi. 1991-ci ildə müstəqil olan Ermənistan iqtisadi və hərbi baxımdan zəif idi. Ölkənin bu vəziyyətdə genişmiqyaslı müharibə aparması real deyildi. Buna baxmayaraq, Ermənistan müharibədə güclü mövqeyə sahib oldu. Bu vəziyyət xarici dəstəyin miqyasını və təsirini açıq göstərir.
Beynəlxalq hüququn təməl prinsiplərindən biri ədalət və bərabərlikdir. Lakin beynəlxalq münasibətlər sistemində bu prinsiplərin tətbiqi çox zaman ikili standartlarla əvəz olunur. Xüsusilə Cənubi Qafqaz regionunda, Azərbaycana qarşı son onilliklərdə aparılan siyasətdə bu qeyri-obyektiv münasibət açıq-aydın görünməkdədir. Azərbaycanın ərazi bütövlüyü pozulduğu, bir milyona yaxın insan doğma yurd-yuvasından didərgin salındığı halda, bəzi beynəlxalq təşkilatların və güclü dövlətlərin susqunluğu, qeyri-səmimi münasibəti “ikili standartlar” anlayışını aktuallaşdırmışdır. Ukraynanın Donbas və Krım ərazilərinin işğalı ilə bağlı Qərb dövlətləri dərhal sərt mövqe sərgilədi, sanksiyalar tətbiq olundu, işğalı tanımayan bəyannamələr yayımlandı. Lakin Azərbaycan torpaqları 30 ilə yaxın işğalda qaldığı halda, eyni sərt reaksiya verilmədi. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən soyqırımı bəzi beynəlxalq təşkilatlar və QHT-lər tərəfindən rəsmən tanınmadı. Qərb mediası bu faciəyə yetərincə yer vermədi, əksinə bəzən üstü ört-basdır olundu. Qarabağ münaqişəsində erməni mülki əhaliyə qarşı baş verən hadisələr dərhal qeyd olunur, sənədləşdirilir, siyasi təzyiq alətinə çevrilirdi. Azərbaycanlı mülki əhalinin hüquqlarının pozulması, evsiz qalması, minalardan ölən mülki şəxslər isə çox zaman kənarda qalırdı. Qərb mediası çox zaman münaqişədə erməni tərəfini müdafiə edən yanaşma sərgiləyirdi. Azərbaycanın səsi və əsaslı arqumentləri lazımi qədər işıqlandırılmır, müharibə dövründə Azərbaycan ordusunun qanuni hərbi əməliyyatları “aqressiya” kimi təqdim olunurdu. Əgər beynəlxalq prinsiplər bir ölkə üçün tətbiq olunur, digəri üçün yox sayılırsa, bu, beynəlxalq hüququn nüfuzuna zərbə vurur. Azərbaycan nümunəsində bu vəziyyət illərlə ədalətin təxirə salınmasına səbəb olmuşdur.
Azərbaycana qarşı aparılan ikili standartlar siyasəti, beynəlxalq hüquq normalarına, insan hüquqlarına və ədalət prinsiplərinə ziddir. Bu siyasət 30 ilə yaxın müddətdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını gecikdirdi və regionda uzunmüddətli sülhə mane oldu.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi