Ölkəmizin dünyada müstəqil siyasət aparan ölkələrlə əlaqəsi həmişə diqqət mərkəzində olub. Yaxın günlərdə Macarıstana səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələləri də vurğulayıb. Görüş zamanı Azərbaycan Prezidenti qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsinə də toxunub. Bildirib ki, Azərbaycanın bu haqlı savaşı BMT-nin Nizamnaməsi əsasında aparıldı. “Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik”- deyə İlham Əliyev bildirib. Onu da qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Lakin bu günə qədər sülh müqaviləsinin hələ də imzalanmamasında günahkar isə məğlub Ermənistan tərəfdir. “Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”– deyə Azərbaycan Prezidenti müəyyən məqamlara aydınlıq gətirib.
Sürəyya Zeynalova
Saatlı Tyarix-Diyarşünaslıq Muzeyinin Direktoru