Prezident İlham Əliyevin cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda vurğulanır ki, Qazaxıstan-Azərbaycan münasibətlərində iri infrastruktur layihələrinin həyata keçirilməsi məsələsində mühüm mərhələ başlayıb. Odur ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Qazaxıstanın təbii müttəfiqi və türk dünyasının əsas ölkələrindən biri olan Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafı strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən də heç təsadüfi deyil ki, hərtərəfli, geniş miqyaslı münasibətlərin qurulması nəzərdə tutulur. Burada əsas məqamlardan biri ölkələr arasında qarşılıqlı iqtisadi, ticari əlaqələrin gücləndirilməsidir. Bu fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.
TransXəzər nəqliyyat dəhlizi. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.
Qazaxıstan Prezidenti qardaş Azərbaycanın ərazi bütövlüyünün bərpasını təkcə sözdə deyil, həm də əməldə dəstəklədiyini və yeni Azərbaycanın quruculuğuna töhfə verməyə hazır olduğunu dəfələrlə vurğulayıb. Füzuli rayonunda Kurmanqazi adına uşaq yaradıcılıq mərkəzinin yaradılması bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir.
Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə ötən il Azərbaycan və Qazaxıstan arasında imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Birgə Bəyannamə haqqında danışan dövlətimizin başçısı bu sənəddə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafının da əksini tapdığını bildirib. Biz xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.
Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar, perspektivlər var. Beləliklə, ikitərəfli əməkdaşlıqda yeni səhifə açılır ki, bu da xalqlarımızın tərəqqisinə xidmət edir.
Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini