• C. Fev 21st, 2025

İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir.

ByVuqar Ferzeliyev

Fev 17, 2025

   Azərbaycan və Somali arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Fevralın 12-də Bakıda imzalanan sənədlər ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə və daha sıx əlaqələrin qurulmasına zəmin yaradır. Hər iki ölkə regionda və beynəlxalq aləmdə üzləşdiyi çağırışlara qarşı birgə fəaliyyət göstərməkdə maraqlıdır. Görüşlər zamanı geosiyasi vəziyyət, suverenlik və ərazi bütövlüyü məsələləri ətraflı müzakirə edilib. Azərbaycan və Somali bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməklə, eyni zamanda, terrorçuluq və ekstremizmə qarşı mübarizədə ortaq mövqe sərgiləyir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın üzləşdiyi tarixi çağırışlar və 1990-cı illərdən etibarən keçdiyi mürəkkəb proseslər barədə həmkarına məlumat verib. Təhsil sahəsi ikitərəfli münasibətlərdə xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Somalidən olan tələbələrin sayı artırılacaq. Bu təşəbbüs Somali gənclərinin müasir təhsil imkanlarından yararlanmasına və ölkələrinin gələcək inkişafına töhfə verməsinə şərait yaradacaq.

   İqtisadi əlaqələrin inkişafı da gündəlikdə əsas mövzulardan biri olub. Azərbaycan Somali iqtisadiyyatına sərmayə qoyuluşu üçün müxtəlif sahələri nəzərdən keçirir. Xüsusilə infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycanın nümayəndə heyətinin Somaliyə səfəri zamanı bu istiqamətdə müzakirələr aparılıb və qarşılıqlı sərmayə imkanlarının dəyərləndirilməsi davam etdirilir.

   Müdafiə sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzindədir. Azərbaycan güclü müdafiə sənayesi potensialına malikdir və istehsal etdiyi müdafiə avadanlıqları bir çox ölkələr üçün maraq doğurur. Azərbaycan və Somali arasında hərbi sahədə təlimlərin keçirilməsi, müdafiə texnologiyalarının inkişaf etdirilməsi və birgə istehsal imkanlarının araşdırılması nəzərdə tutulur. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə dəstək verməkdə qərarlıdır. Qlobal arenada mövqelərin gücləndirilməsi və qarşılıqlı maraqların qorunması məqsədilə birgə fəaliyyət planı hazırlanır. Bu əməkdaşlıq Azərbaycan və Somali arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, iqtisadi və siyasi əlaqələrin inkişafına, regional və beynəlxalq səviyyədə yeni imkanların yaranmasına xidmət edəcək.

Ağayev Telman

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir