Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında qeyd edildiyi kimi, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar diqqət mərkəzindədir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bizim ölkəmizdə indi yeni dövr – İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Gələcək nəsillər öz addımlarını bu istiqamətlərə uyğun atmalıdır. Bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Bu mənada möhtərəm Prezidentimizin müddəalarını alqışlayırıq.
Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və
təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu
xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik- 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti böyükdür.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək, yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.
Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Ənənəvi sammit çərçivəsində ötən illər ərzində keçirilən tədbirlər bir daha göstərdi ki, region ölkələri tərəfindən Xəzərin təhlükəsizlik və əməkdaşlıq dənizinə çevrilməsinə böyük diqqət yetirilir, bu sahədə qarşıya çıxan bir sıra problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Dənizdə su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi ilə əlaqədar mövcud problemlərin həlli sürətləndirilir, Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına xüsusi əhəmiyyət verilir.
Möhkəm əminik ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq uğurla həyata keçirməkdə davam edəcək.
İslam İsgəndərov,
Cəlilabad şəhər kommunal
müəssisələri kombinatın direktoru