Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır.
Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır. Sosial paketin təminatlı inkişafı. Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.
Sosial islahatlar paketinin vacib məqamlarından biri gənclərin təhsil alma prosesinin stimullaşdırılması ilə bağlıdır. Gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərar. Dövlət başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcəkdir.
Sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir. Ümumiyyətlə qeyd edim ki, 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub və bu islahatların ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcəyi gözlənilir. Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Müavinət və təqaüdlərin artımı əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edəcək. Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47% artırılıb. Yeni Fərmanla müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Son üç ildə bu mü.avinət 76,5% artırılıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla 55 manatdan 70 manata çatdırılıb. Övladlığa götürülən uşağa görə, uşağın anadan olmasına görə birdəfəlik müavinətlər də artırılır. Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcəkdir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Prezident İlham Əliyev 2018-ci il prezident seçkilərində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir ki, bu gün onların nəticələrini görürük.
Rafael Məmmədov