• Ça. May 13th, 2025

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir.

ByVuqar Ferzeliyev

Fev 26, 2025

    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, Xocalı soyqırımı Azərbaycanın tarixində ən qara günlərdən biri olaraq yadda qalmışdır. Ermənistanın silahlı qüvvələri və keçmiş Sovet ordusunun 366-cı alayı, beynəlxalq hüququn bütün normalarını pozaraq, Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə qarşı amansız bir vəhşilik nümayiş etdirmişdir. Xocalı şəhərini tərk etməyə çalışan insanlar, erməni hərbi postları tərəfindən yaxalanmış, atəşə tutulmuş və ya əsir götürülmüşdür.

   Qalan əhali, əsasən qadın və uşaqlar, dağlarda sərt hava şəraitində qaçarkən çoxu donaraq həyatını itirmişdir. Xocalı soyqırımı, yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olaraq tarixə keçmişdir. Bu faciə, Ermənistanın millətçi qüvvələrinin həyata keçirdiyi amansız hücumun nəticəsidir və insanlıq tarixinə düşən ən dəhşətli hadisələrdən biridir.

   Xocalı soyqırımı, Holokost, Xatın, Lidisa və Sonqmi kimi digər faciələrlə müqayisə edilə bilər. Bu hadisə, ermənilərin məqsədinin sadəcə Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq və ərazilərimizin bir hissəsindən vaz keçməyə məcbur etmək olduğunu göstərir. Lakin bu niyyətləri baş tutmadı, çünki Azərbaycan xalqı öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirdi və qəhrəmanlıq nümayiş etdirdi.

   2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu, 30 il işğal altında olan torpaqlarını azad edərək böyük bir zəfər qazandı. Azərbaycan ordusunun qalibiyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının qisasını almasına imkan yaratdı. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları nəticəsində Xocalı, separatçı qüvvələrdən təmizlənərək yenidən Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan bayrağını ucaldaraq, ölkəmizin ərazi bütövlüyünün bərpasını simvolik olaraq nümayiş etdirdi.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir