• Şb. Noy 23rd, 2024

İşğala son qoyan əməkdaşlıq

ByVuqar Ferzeliyev

İyn 1, 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TEXNOFEST tədbirindəki çıxışını diqqətlə dinlədikcə qəlbimizdə belə təəssürat yaranır ki, Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atacaq. Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır.
Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır.

  TEXNOFEST festivalında verilən birmənalı bəyanatlar, möhtərəm Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığını bildirməsi ölkəmizin gücünə güc qatır. Şuşa Bəyannaməsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Bəyannaməyə əsasən, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucalmışdır. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Prezidentlərin verdikləri festivalda verdikləri bəyanatlar həm qardaşlığın əzəmətini, həm də əsl müttəfiqlik konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

  Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış zəfər Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq, bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaq. Bununla da region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxacaq. Beləliklə, Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr uğurla reallaşdırır.

Rafiq Ağayev, YAP Cəlilabad RT aparat rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir