• Be. İyl 7th, 2025

İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

ByVuqar Ferzeliyev

İyl 7, 2025

İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzur ərazisində bu gün Azərbaycan dövləti tərəfindən tarixdə bənzəri görünməmiş miqyasda bərpa və quruculuq işləri həyata keçirilir. 30 ilə yaxın davam edən işğal nəticəsində viran qoyulmuş şəhər və kəndlər, dağıdılmış infrastruktur və talan edilmiş təbii sərvətlər bu bölgələri faktiki olaraq yaşayışsız, inkişafdan kənarda qalan ərazilərə çevirmişdi. Lakin 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın təməli qoyuldu və artıq bu torpaqlar dirçəlməyə başlayıb. Azad edilmiş ərazilərin bərpası dövlətimizin qarşısında duran ən əsas vəzifələrdən biri kimi müəyyən edilib. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə dövlət səviyyəsində xüsusi proqramlar qəbul olunub, Prezidentin fərmanları və sərəncamları ilə icra strukturlarının fəaliyyəti bu istiqamətdə səfərbər olunub. Bu gün Füzuli, Zəngilan, Laçın, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və digər bölgələrdə yollar çəkilir, hava limanları inşa olunur, elektrik xətləri, su kəmərləri, qazlaşdırma və telekommunikasiya sistemləri qurulur, kəndlər və şəhərlər müasir urbanistika prinsipləri əsasında yenidən salınır. “Smart city” və “smart village” konsepsiyası əsasında salınan Ağalı kəndi bu baxımdan ilk model layihə kimi önə çıxır. Daha sonra bu təcrübə digər ərazilərdə də tətbiq olunmağa başladı. Artıq təkcə infrastrukturun deyil, həm də sosial obyektlərin, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının və dini abidələrin də tikintisi və bərpası davam etdirilir. UNESCO-nun səssiz qaldığı dövrdə, ermənilər tərəfindən dağıdılmış məscidlər, tarixi memarlıq nümunələri Azərbaycan dövləti tərəfindən yenidən dirçəldilir. Qarabağda həyata keçirilən quruculuq prosesi təkcə fiziki baxımdan deyil, həm də strateji və ideoloji müstəvidə əhəmiyyət daşıyır. Dövlətimizin bu bölgədə həyata keçirdiyi işlər bir tərəfdən ərazilərin sürətli bərpasını təmin edir, digər tərəfdən isə soydaşlarımızın tezliklə öz doğma yurdlarına qayıtması üçün zəmin yaradır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə ailə Füzuli, Zəngilan və Laçında inşa olunmuş müasir evlərə köçürülüb, bu proses davamlı və mərhələli şəkildə icra olunur. Həyata keçirilən layihələrin maliyyələşdirilməsi tamamilə Azərbaycan dövlətinin daxili resursları hesabına təmin olunur. Heç bir beynəlxalq donor təşkilatın ciddi dəstəyi olmadan, dövlət büdcəsi və yaradılmış xüsusi fondlar vasitəsilə bu irimiqyaslı prosesin uğurla icra olunması ölkənin iqtisadi gücünü və liderliyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin hər dəfə azad edilmiş torpaqlara etdiyi səfərlər, obyektlərin təməlqoyma və açılış mərasimləri, şəffaf və ardıcıl şəkildə aparılan yenidənqurma siyasəti Azərbaycan xalqının bu torpaqlara qayıdış əzmini daha da gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri həm də bölgədə sabitliyin, təhlükəsizliyin və inkişafın möhkəmlənməsinə xidmət edir. Bu gün inşa edilən yollar, logistika mərkəzləri və iqtisadi zonalar təkcə ölkədaxili deyil, həm də regional və beynəlxalq əməkdaşlıq üçün vacib imkanlar açır. Laçın və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Füzuli aeroportunun aktiv fəaliyyəti bu ərazilərin beynəlxalq inteqrasiyasını təmin edən mühüm addımlardır. Nəticə etibarilə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesi Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və qələbə ruhunu əks etdirir. Bu bölgələr artıq yalnız torpaq parçası deyil, həm də vətənə, ədalətə, inkişafa və gələcəyə aparan bir yoldur. Bütün dünya bu prosesin şahididir: Azərbaycan öz tarixi torpaqlarını yalnız azad etmədi, həm də onları dirçəltdi, yaşatdı və gələcək nəsillər üçün müasir və güclü bir vətənə çevirdi.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir