1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı Azərbaycanın dövlətçilik tarixinə ağır bir faciə kimi daxil oldu. İşğal nəticəsində təkcə Azərbaycan dövlətinə maddi baxımdan 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyməmiş, eyni zamanda, xalqımızın mənəvi dəyərləri, tarixi irsi və mədəniyyət nümunələri məhv edilmişdir. 1050 kvadrat kilometr ərazisi, 52 min nəfər əhalisi olan Cəbrayıl rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi yerlə-yeksan edildi. Rayonda fəaliyyət göstərən 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və yüzə yaxın kənd erməni vandalları tərəfindən dağıdılaraq tarixi xəritədən silindi. Bu, təkcə Cəbrayılın deyil, ümumilikdə Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinin bariz nümunəsidir. İnsan itkisi isə faciənin ən ağrılı tərəfini təşkil edir. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər qəhrəmancasına şəhid olmuş, 191 nəfər isə əlil kimi ömrünü davam etdirməyə məcbur olmuşdur. Doğma torpaqlarını qorumaq uğrunda göstərdikləri fədakarlığa görə, 6 cəbrayıllı igid Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Cəbrayılın işğalı Azərbaycanın müstəqillik yolunda qarşılaşdığı ən böyük sınaqlardan biri idi. Rayonun itirilməsi ilə xalqımız həm torpaqlarından, həm də minilliklərə dayanan mədəni dəyərlərindən məhrum oldu. Bu faciə Azərbaycan cəmiyyətində qaçqın və məcburi köçkün problemini dərinləşdirdi, on minlərlə insan doğma ocaqlarından didərgin düşərək ölkənin müxtəlif bölgələrində məcburi məskunlaşdı. Lakin 27 il davam edən həsrətə 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cəbrayılı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu gün Cəbrayıl rayonu yenidənqurma və bərpa mərhələsinə qədəm qoyub. İşğal dövründə dağıdılan kəndlərin, məktəblərin və mədəniyyət ocaqlarının yerində yeni həyat qurulur, tarixi torpaqlarımızda Azərbaycan dövlətinin qüdrəti və iradəsi özünü bir daha təsdiqləyir.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru