• Bz. İyn 1st, 2025

İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi

ByVuqar Ferzeliyev

May 29, 2025

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Bu tarixdə  Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Sürəyya Zeynalova

Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin Direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir