• Şb. Avq 23rd, 2025

Kəlbəcərin gələcəyi daha gözəl olacaq

ByVuqar Ferzeliyev

Avq 23, 2025

       Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışı bir daha göstərdi ki, bizim mübarizəmiz haqqa mübarizəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik, ərazi bütövlüyümüzü bərpa etdik.

       Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Müqəddəs torpaqlarımızın bir hissəsi olan Kəlbəcərin  azad edilməsi Azərbaycan Ordusunun zəfər yolunda mühüm vəsilədir. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On minlərlə fərarisi olan ordu qabağımızda duruş gətirə bilməzdi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9500-ə yaxın hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Vətənin hər bir mükafatı qəhrəman şəhidlərimizə, igid qazilərimizə ana südü qədər halaldır!

       Dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir.  Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu – bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir.

      Azərbaycan infrastruktur quruculuğu, şəhərsalma sahəsində ən öndə gedən ölkələrdəndir. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Bu tədbirlər 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcərdə də sürətlə həyata keçirilir.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi