Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib ki, bu sahədə kadr hazırlığı əsas vəzifələrdən biridir. Son vaxtlar həmin istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.
Son illər ərzində müxtəlif dövlət qurumları – nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir -yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.
Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik, bu barədə də təkliflər veriləcək.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru
