• Şb. Avq 23rd, 2025

Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq

ByVuqar Ferzeliyev

Avq 23, 2025

      Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir.

         Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.

       Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi. Bunu İlham Əliyev həll etdi.

        Var olsun Prerzidentimiz!

Kamil Düniyev,

II qrup əlil, Vətən müharibəsi iştirakçısı

 Polkovnik leytenant