Azərbaycan tibb tarixində silinməz iz qoymuş görkəmli oftalmoloq, akademik Zərifə Əliyeva, öz dərin elmi biliyi, insanlara sevgi ilə dolu münasibəti və sosial ədalətə sadiqliyi ilə yadda qalıb. Onun fəaliyyətində yalnız elmi araşdırmalar deyil, həm də cəmiyyətin ən müdafiəsiz təbəqələrinə – xüsusilə də kimsəsiz uşaqlara – göstərdiyi qayğı əsas yer tutur.
Zərifə Əliyevanın oftalmologiya sahəsindəki ilk ciddi elmi işi 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” adlı namizədlik dissertasiyası olmuşdur. Bu tədqiqat nəticəsində xəstəliyin müalicəsində yeni, effektiv yanaşma formalaşmış və qısa müddətdə ölkə üzrə geniş tətbiq edilməyə başlanmışdır. Xəstəliklə mübarizədə əldə edilən uğurlar, onu sadəcə bir alim deyil, xalq sağlamlığının keşiyində duran fədakar bir şəxsiyyət kimi tanıtmışdır. Lakin Zərifə xanım üçün traxomanın elmi təhlili və müalicə üsulları ilə yanaşı, onun kimlər arasında daha çox yayıldığı və niyə məhz o təbəqədə kök saldığı da dərin əhəmiyyət kəsb edirdi.
Zərifə Əliyeva traxomanın uşaq evlərində tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlar arasında daha geniş yayıldığını xüsusi narahatlıqla izləyirdi. O, bu uşaqların həm tibbi, həm də mənəvi cəhətdən daha həssas olduğunu anlayır, onların sağlamlığını qorumağı yalnız peşə borcu deyil, insani missiyası hesab edirdi.
Zərifə xanım institut divarları ilə məhdudlaşmadan, birbaşa xəstəlik ocaqlarına – uşaq evlərinə, internat məktəblərə, sanatoriyalara – səfərlər edir, həmin uşaqları şəxsən müayinə edir və müalicə işlərinə bilavasitə rəhbərlik edirdi. O, sadəcə resept yazan həkim deyildi – o, uşaqlarla danışır, onları dinləyir, hiss edirdi. Uşaqlar onun sadəliyini və şəfqətini dərhal anlayır və ona inanırdılar. Bu münasibət, yalnız fiziki deyil, psixoloji sağalma üçün də mühüm idi.
Bəzi hallarda Zərifə xanım həmin müəssisələrin sanitar şəraitinə, gigiyena vəziyyətinə müdaxilə edir, rəhbər şəxslərlə söhbətlər aparır və xəstəliklərin yayılmasının qarşısını almaq üçün sistemli tədbirlər görülməsini təşviq edirdi. Onun təşəbbüsü ilə bir çox uşaq müəssisəsində göz sağlamlığı ilə bağlı müntəzəm yoxlamalar, maarifləndirici seminarlar və profilaktik müalicə proqramları həyata keçirildi.
Zərifə Əliyevanın bu fəaliyyətləri yalnız tibbi deyil, həm də sosial və pedaqoji xarakter daşıyırdı. O, uşaqların sağlamlıqla yanaşı, psixoloji vəziyyətini də diqqət mərkəzində saxlayırdı. Çünki bilirdi ki, valideyn sevgisindən məhrum qalmış bir uşağın fiziki sağalması üçün, əvvəlcə ona sevgi, qayğı və anlayış lazımdır. O, elmə insani ruh qazandıran həkimlərdən biri idi.
Bu qayğıkeş yanaşma nəticəsində Zərifə xanım uşaq evlərində və internat məktəblərində böyüyən yüzlərlə uşağın yaddaşında təkcə bir həkim kimi deyil, “ana kimi” xatırlanan şəfqətli insan kimi qalırdı.
Zərifə Əliyevanın həyat yolu sübut edir ki, həkimlik sadəcə bir peşə deyil – bu, əslində bir həyat fəlsəfəsidir. Onun elmi fəaliyyəti bu gün də oftalmologiya sahəsində əsas istinad nöqtələrindən biri kimi qəbul edilir. Kimsəsiz uşaqlara göstərdiyi xüsusi diqqət isə onu həm elm aləmində, həm də ictimai yaddaşda fərqli bir zirvəyə yüksəldib.
Bu gün onun adına təsis olunan tibb müəssisələri, uşaq bağçaları və təqaüd proqramları Zərifə xanımın gənc nəslin sağlam və savadlı böyüməsinə verdiyi əhəmiyyətin davamı olaraq yaşayır.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru