Laçın tək laçınlıların deyil, bütün azərbaycanlıların dağlar qoynundakı ən qiymətli xəzinələrindəndir. Uca Tanrı bu torpağa mineral suları, saf havanı, flora və faunanı, yeraltı və yerüstü sərvətləri bol vermişdir.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də çox təəssüf ki, iqtisadi cəhətdən böhran yaşayan dövlətimizə rəhbərlik edən şəxslərin siyasi bacarıqsızlığı səbəbilə mənfur qonşularımız tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 5 musiqi məktəbi, internat məktəbi və s. işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət və ordumuzun şanlı zəfəri erməniləri kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də qan tökülmədən Laçın şəhəri öz azadlığına qovuşdu.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərinizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident cənab İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlət başçısı Güləbid Su Elektrik Stansiyasının açılışını edib. Laçın Beynəlxalq Hava Limanını, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi kompleksinin təmələni qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğaldan azad edəndən sonra mən demişdim ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”
Bəli Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş fərdi evlərə üstünlük verilib. Bununla yanaşı çoxmənzilli binaların tikilməsi təklif edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər Muzeyinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, mədəniyyət və turizm obyektləri yaradılacaq. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrasına başlanılıb. Mayıb 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri öz sakinlərinə qucaq açıb.
Bu gün yenidən müasir şəkildə qurulan, gözəlləşən Laçın şəhəri cənnətə çevrilir. Beynəlxalq hava limanı tikilir. Kəlbəcər – Laçın avtomobil yolu, “Həkəriçay” su anbarı, mebel fabriki, məktəblər, bayraq meydanı inşa olunur. Bütün bunlar Laçında, Qarabağda həyatın canlanmasıdır.
Dövlət başçısı Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi “Laçın şəhəri” günü kimi qeyd olunur. Bu günü laçınlılar 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Şahin Tağıyev ,
Salyan şəhəri, təqaüddə olan müəllim