• Şb. Noy 23rd, 2024

Laçın rayonunun yeni inkişaf dövrü

ByVuqar Ferzeliyev

Noy 30, 2022

       Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.

       Bu tarixdən iki il keçir. Torpaqların bərpası prosesi artıq başlamışdır. Bu müddətdə Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun iki və dörd hərəkət zolaqlı yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində ümumi uzunluğu 9450 metr olacaq 3 tunelin tikintisi aparılacaq.

2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.

Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib, yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Bu, bir daha göstərir ki, Azərbaycan vətəndaşları tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaq, hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək. Dövlət başçısının dediyi kimi, Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Ülvi Astanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

 Komanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir