• Şb. Noy 23rd, 2024

Laçın: tarixi ədalətin bərpası

ByVuqar Ferzeliyev

Noy 30, 2022

        Hər birimizi döyüşə və qələbəyə ruhlandıran dəmir iradə, sarsılmaz qətiyyət, diplomatiya sahəsində və informasiya müharibəsində nümayiş etdirilən  məharət, xalqımızın bir yumruq kimi ətrafınızda birləşməsi, Silahlı Qüvvələrimizin rəşadəti düşmənin əzəli torpaqlarımızdan əbədi olaraq qovulmasını təmin etdi.

       Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

       Nəhayət, 2020-ci il dekabrın 1-də erməni qəsbkarları Laçını tərk etdi. Laçının azad olunması münaqişənin son nöqtəsi oldu. Bundan əvvəl, 9 noyabr tarixində Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür.

       Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Dövlətimizin başçısı bu rayona səfəri zamanı deyib: “Ermənilər  hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz doğma torpağımıza qayıtmışıq, Laçındayıq. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq”.

        Biz, Azərbaycan vətəndaşları Prezidentin dediklərinə tam səmimiyyətlə inanırıq, əminik ki, belə də olacaq, Qarabağın bütün şəhərlərinə həyat qayıdacaq.  İşğaldan azad edilən yaşayış məntəqələrimizdə qısa müddətdə vandal ermənilər tərəfindən dağıdılan infrastruktur bərpa ediləcək. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda dağıdılan məscidlər, tarixi abidələri, məktəblər yenidən bərpa olunacaq. Laçın da işğaldan öncə olduğu kimi, yenidən Azərbaycanın səfalı istirahət  məkanına  çevriləcək. Müstəqil dövlətimizin buna texniki və maliyyə imkanları və güclü iradəsi var.  

     Əfsər Abdullayev,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir