• Be. Sen 16th, 2024

Laçında genişmiqyaslı quruculuq işləri aparılır

ByVuqar Ferzeliyev

Avq 26, 2024


       Bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələr. İşğaldan
azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin
beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanında 6 təyyarə
dayanacağının inşası nəzərdə tutulur. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

        Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi
yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır;
 Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var.
məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24
yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1
texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və
24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan
Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux
kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və
bərpası da aparılır.

       Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə
alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa
olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər
cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel
binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə
və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik
çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.
       Ötən ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq
studiyasının çəkiliş pavilyonunun açılışı olub. Qarabağın çoxşaxəli
nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın
şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir.
Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz
qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla,
ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin
salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət
göstərəcək.       

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir