• Be. Sen 16th, 2024

Laçındakı quruculuq işləri böyük sürətlə davam edir

ByVuqar Ferzeliyev

Avq 26, 2024

     2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı.

     Ötən vaxt ərzində burada çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi aparılır. Ötən il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinin, mebel fabrikinin,  “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.

     2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Bu günə kimi Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Artıq Laçında 620 fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı  ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Ötən il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.

     Prezident İlham Əliyevin son dörd ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, “Laçın Şəhəri Günü” ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır.

     Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə də regionlarımızda görülən işlər, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunun, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”, -deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.

Anar Hacıyev,

           “Yelo Bank”ın Salyan filialının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir