Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində 20 Yanvar faciəsi qanla yazılmış, milli iradənin sarsılmazlığını nümayiş etdirən şanlı səhifələrdən biri sayılır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın, əslində, xalqın azadlıq istəyini boğmağa yönəlmiş məkrli niyyətlərin açıq təzahürü idi.
Həmin gecə yeridilən hərbi əməliyyatlar hüquqi və mənəvi baxımdan heç bir əsas daşımırdı. Fövqəladə vəziyyət elan edilmədən, xəbərdarlıq olunmadan tanklar və ağır texnika ilə şəhərə daxil olan sovet ordusu qadın, uşaq, yaşlı demədən günahsız insanlara divan tutdu. Bu, yalnız hərbi cinayət deyil, həm də insanlığa qarşı ağır bir cinayət idi. Məqsəd isə aydın idi: Azərbaycan xalqının milli oyanışını, azadlıq hərəkatını qorxu və qan vasitəsilə susdurmaq.
İmperiya rəhbərliyinin bu məkrli planı iflasa uğradı. 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə, milli birliyi daha da möhkəmləndirdi. Xalq başa düşdü ki, müstəqillik qurbanlar bahasına qazanıla bilər. Şəhidlərin qanı azadlıq yolunda müqəddəs rəmzə çevrildi.
Faciədən sonra baş verən informasiya manipulyasiyaları, hadisələrin mahiyyətinin təhrif edilməsi də imperiya siyasətinin tərkib hissəsi idi. Rəsmi Moskva uzun müddət bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verməkdən yayındı, günahı xalqın üzərinə atmağa çalışdı. Lakin zaman keçdikcə həqiqətlər üzə çıxdı və 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilmiş repressiya aktı olduğu bütün dünyaya bəlli oldu.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində obyektiv və prinsipial qiymət verildi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla bu hadisə Sovet ordusunun Azərbaycana qarşı hərbi təcavüzü kimi tanındı. Bu, məkrli niyyətlərin ifşası və tarixi ədalətin bərpası baxımından mühüm addım oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsi daim uca tutulur, 20 Yanvar faciəsi milli yaddaşın ayrılmaz hissəsi kimi gələcək nəsillərə çatdırılır. Gənclər bu tarixi yalnız hüznlə deyil, həm də qürurla anır, çünki həmin faciə Azərbaycanın müstəqilliyə aparan yolunun dönüş nöqtəsi oldu.
20 Yanvar faciəsinin 36-cı ildönümündə bir daha bəyan edirik ki, Azərbaycan xalqına qarşı yönəlmiş bütün məkrli niyyətlər iflasa məhkumdur. Tarix sübut etdi ki, zorakılıq və repressiya ilə xalqın iradəsini sındırmaq mümkün deyil. Şəhidlərimizin xatirəsi isə müstəqil Azərbaycanın əbədiyaşar mənəvi dayağıdır.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi
Məkrli niyyətlərin ifşası.
