Azərbaycan yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiyaya erkən başlayan ölkələr sırasındadır. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurla davam etdirilir. Vaksinin əhəmiyyəti odur ki, peyvəndlənən vətəndaşlar yoluxsalar da, xəstəliyi yüngül keçirəcəklər, ağırlaşmalar, demək olar ki, olmayacaq.
Mütəxəssislər, eyni zamanda, hər kəsin sanitar-gigiyenik qaydalara əməl etməsinin zəruriliyini də xüsusi vurğulayırlar. Qeyd olunur ki, açıq havada tibbi maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, ondan tam imtina etmək hələ tezdir. Həkimlər bəzi həssas risk qrupundan olanların açıq havada, xüsusilə insanların sıxlıq təşkil etdiyi ərazilərdə, keçid və dayanacaqlarda, növbədə və s. yerlərdə qoruyucu maskadan istifadə etmələrini məsləhət görürlər.
Əsasən, əməliyyatdan təzə çıxanların, tez-tez soyuqlayanların və tez-tez xəstələnənlərin özlərini qorumaq üçün açıq havada tibbi maska taxmaları məsləhətdir. Yeni növ koronavirus infeksiyası əsasən yuxarı tənəffüs yollarından infeksiya şəklində yoluxur. Ona görə də yuxarı tənəffüs yollarında infeksiya xəstəlikləri – tonzilit, faringit, burun tənəffüsü problemləri və yaxud allergiyası olanların, özündə qrip və virus əlaməti kimi hər hansı narahatlıq hiss edənlərin də açıq havada qoruyucu maskadan istifadə etmələri yaxşı olardı. Açıq havada tibbi maskaları bəzən çənəsinə endirənlər, aksesuar kimi qollarına taxanlar, əllərində, ciblərində və çantalarında gəzdirənlər olur. Bu isə infeksiyaya yoluxmaq üçün zəmin yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir. Məlum olduğu kimi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanılıb. Mütəxəssislərin fikrincə, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə COVID-19 infeksiyasına görə epidemioloji durumu sabit qiymətləndirmək olar. Yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada tüğyan etdiyi müddət ərzində üçüncü dalğa zəifləməyə doğru gedir. Son vaxtlar yoluxanların sayı ilə əlaqədar rəqəmlər gündən-günə azalaraq xəstəxanalara düşən yükün azalmasına səbəb oldu.
Xatırladım ki, tətbiq olunan peyvəndlərin indiyə qədər həyati təhlükəyə aparıb çıxaran hər hansı yan təsirə səbəb olmadığı sübut olunub. Təəssüf ki, cəmiyyətin müəyyən bir hissəsi hansısa səbəbdən bu prosesdən uzaqlaşıb və ya tərəddüd edir. Peyvənd vurulması nəticəsində orqanizmdə anticisimlərin əmələ gəlməsi ağırlaşmaların və eləcə də xəstəxanalarda həyati təhlükə yaşanmasının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisədir. İstər təbii yolla, yəni xəstəliyə yoluxduqdan sonra, istərsə də peyvəndlər vasitəsilə orqanizmdə anticisimlərin əmələ gəlməsi xəstəliklə mübarizədə immun sisteminin güclənməsi təhlükə ilə üzləşməmək üçün sığorta vasitəsidir. Tərəddüd etmədən peyvəndi vurdurmaq, həm özümüzü, həm də cəmiyyətimizi pandemiyadan xilas etmək lazımdır.
“COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.
COVID-19-la mübarizədə peyvənd çox əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə vasitələri tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı, vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır: Yumşalmalar dövründə insanlar daha ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün profilaktik qorunma tədbirləri görməlidirlər. Unutmaq lazım deyil ki, COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi təhlükə yaratmaqda davam edir və onun üzərində tam qələbə çalmaq üçün uzun müddət lazımdır”.
Kamal Mənsimov, həkim