Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil etməkdədir.
Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək dəyərləndirilir Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir. Elə buna görədir ki, Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti daim diqqət mərkəzində olub və ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata – Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.
Gülnar Əmrahova, Komanlı kənd bələdiyyəsinin sədri