• Bz. İyn 1st, 2025

Milli dövlətçilik ənənələrinin yeni səhifəsi

ByVuqar Ferzeliyev

May 29, 2025

         Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi mühüm addımlar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin formalaşmasında əsaslı rol oynamışdır. Cümhuriyyətin mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanması onu Şərqdə mütərəqqi bir dövlətə çevirmişdir. Yeni yaradılmış respublika bütün ölkə vətəndaşlarına irqindən, milliyyətindən, dinindən və sinfi mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar təqdim edərək cəmiyyət daxilində tolerantlıq və hüquqi bərabərlik mühitinin təməlini qoydu.

         Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik rəmzlərini – üçrəngli bayrağını, vətəndaşlıq institutunu və milli ordusunu təsis etmişdi. Bu, yeni və müstəqil dövlətin həm daxildə, həm də beynəlxalq aləmdə öz varlığını təsdiqləməsinin əsas şərtləri idi. Xüsusilə, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun köməyi ilə Bakının bolşevik-daşnak qüvvələrindən azad olunması Azərbaycan tarixində dönüş nöqtəsi oldu və milli dövlətin möhkəmlənməsi yolunda əhəmiyyətli addım kimi yadda qaldı.

         Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və görkəmli siyasi xadimi Fətəli xan Xoyski bu kontekstdə belə qeyd edirdi: “Azərbaycan xalqı bu gün tarixində yeni bir səhifə açır. Biz öz dövlətimizi qurur, millətimizin gələcəyini öz əlimizə alırıq.”

         Parlamentdə qəbul olunmuş qanunlar arasında seçki hüququnun qadınlara verilməsi, təhsilin milli əsaslar üzərində qurulması, hüquqi sistemin formalaşdırılması kimi məsələlər Azərbaycan Xalq Cümhuriyyətinin nə qədər qabaqcıl düşüncəyə malik olduğunu sübut edirdi. 1919-cu ildə Paris Sülh Konfransına nümayəndə heyətinin göndərilməsi isə Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində mühüm diplomatik təşəbbüs idi.

         Əlimərdan bəy Topçubaşov isə bu prosesləri belə dəyərləndirmişdi: “Azərbaycan xalqı bir daha sübut etdi ki, azadlıq onun ən ali dəyəridir və o, bu azadlığı qorumağa qadir bir millətdir.”

         Bu cümhuriyyətin varlığı yalnız 23 ay davam etsə də, qoyduğu siyasi, hüquqi və mənəvi miras bu gün də müstəqil Azərbaycan dövlətinin ideya təməlini təşkil edir. Azərbaycan Respublikası, məhz bu möhkəm tarixi dayaqlar üzərində müstəqilliyini qoruyub saxlayır və inkişaf etdirir.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir