Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12-ci Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edirdi. Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Qlobal Bakı Forumun iştirakçıları ənənəvi olaraq bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda gündəlikdə duran məsələlər barədə öz mövqelərini və yanaşmalarını bölüşdülər.
Müsahibədə qeyd olunur ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Azərbaycan isə realist yanaşma sərgiləyərək milli maraqlarına uyğun siyasət yürüdür.
. Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Tarixi münaqişələr və geosiyasi maraqlar bu regionun sabitliyinə daim mane olub.
Hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Sabitliyin tam təmin olunması üçün münaqişələr yalnız atəşkəslə deyil, rəsmi sülh sazişləri ilə həll edilməlidir. Azərbaycan-Ermənistan münasibətləri buna nümunədir. İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də ölkələrimiz arasında sülh sazişi imzalanmayıb.
Ermənistan tərəfi Azərbaycanın haqlı tələb və şərtlərini yerinə yetirməyə məcburdur. Rəsmi Bakı haqlı olaraq qarşı tərəfdən konstitusiyada dəyişikliyi tələb edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür.
Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi