Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda deyildiyi kimi, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verməyə davam edirlər.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi bu gün müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində özünün aydın ifadəsini tapır. Çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycan tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Qarşılıqlı səfərlər, müxtəlif mövzularda bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən tədbirlər əlaqələrin inkişafında mövcud imkanların təhlilinə geniş imkanlar yaradır. Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Bu imkanları qiymətləndirmək üçün təkcə son illərdə Prezident İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir.
Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi kimi nüfuz qazanması ölkələr arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” layihəsi beynəlxalq səviyyədə təqdir edilir.
Ölkəmizin dövlət idarəçiliyində təkmil təcrübədən bəhrələnməsi davamlı inkişafın təmin edilməsində əsas faktorlardan biridir. İqtisadi, siyasi, təhsil və enerji sahələrində əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı fayda gətirəcək və onların beynəlxalq arenada strateji tərəfdaşlığa çevrilməsinə imkan yaradacaqdır. Azərbaycanın Afrika ilə əməkdaşlıq strategiyasının bir hissəsi kimi, Somali ilə münasibətlərin gücləndirilməsi həm iqtisadi maraqlar, həm də qlobal diplomatik mövqeyin möhkəmləndirilməsi baxımından vacibdir. Bu əməkdaşlıq, gələcəkdə daha geniş sahələrdə inkişaf edərək hər iki ölkəyə uzunmüddətli perspektivdə mühüm üstünlüklər qazandıra bilər.
Dövlət başçısı İlham Əliyev əminliklə qeyd etdi ki, Azərbaycan və Somali arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev bildirib ki, bir həftə öncə Azərbaycanın geniş nümayəndə heyəti Somaliyə səfər edib və iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün ilkin təməl atılıb. Bu sahədə təcrübə mübadiləsi və investisiyaların qoyulması hər iki tərəf üçün qarşılıqlı faydalı ola bilər.
Nəbi İsgəndərov,
Cəlilabad Rayon Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin sədri