Prezident İlham Əliyevin ABŞ-a bu ölkənin dövlət başçısı Donald Trampın dəvəti ilə gerçəkləşən səfərini gözləmək olardı. Çünki Bakı–Vaşinqton ikitərəfli münasibətlərinin hazırkı sabit axarı gələcək üçün perspektiv yaradır. Əsas olan bu axarı sabitlikdən dinamiklik müstəvisinə qaldırmaqdır. Həm də ona görə ki, dinamikliyin regional sabitlik və qlobal təhlükəsizlik aspekti var. Mövcud aspekt isə özlüyündə daha dərin yanaşmalar tələb edir.
Bütün bunların fonunda, uzun illər müxtəlif dairələr tərəfindən qarşı çıxılan və hətta “qırmızı xətt” elan edilən Zəngəzur dəhlizinin açılması ayrıca strateji əhəmiyyət daşıyır. Bu dəhlizin bölgədə yeni münaqişələrə səbəb ola biləcəyi barədə iddialara baxmayaraq, onun Azərbaycanın müəyyən etdiyi hüquqi rejim əsasında istifadəyə verilməsi mühüm tarixi nailiyyətdir. İmzalanmış üçtərəfli bəyanatda Naxçıvana maneəsiz keçidin təmin olunacağı da rəsmən təsdiqlənib. Bu, Azərbaycanın siyasi iradəsinin təntənəsi və böyük diplomatik zəfəridir.
Prezident İlham Əliyev Vaşinqtonda media nümayəndələrinə verdiyi müsahibədə vurğulayıb kji, İqtisadi cəhətdən güclüyük. “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır.
Təkcə Ermənistan–Azərbaycan münasibətləri tarixində deyil, bütövlükdə regionun siyasi tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Əldə olunan nəticə, regiona həm uzunmüddətli sabitlik, həm də iqtisadi inkişaf gətirmək potensialına malikdir. Bundan əlavə, son iki yüz il ərzində bölgəmizi təhdid edən və gərginlik yaradan xarici güc mərkəzlərinin regional sülhə və təhlükəsizliyə birbaşa müdaxiləsini ciddi şəkildə məhdudlaşdıracaq. Bu xüsusda baş verənlər ayrıca tarixi əhəmiyyət kəsb edir.
Görüşün digər mühüm tərəfi isə ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanmasıdır. İmzalanmış memorandum çərçivəsində strateji tərəfdaşlığın əsas prinsipləri müəyyənləşdirilib, qarşıya qoyulacaq məqsədlərin reallaşdırılması üçün xüsusi bir komissiya yaradılıb. Bu addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artırmaqla yanaşı, regionun gələcəyi üçün dayanıqlı sülhün bünövrəsini möhkəmləndirir.
Paraflanan mətnin imzalanması və ratifikasiyası üçün addımlar davam edəcək. Bununla hər iki tərəf sülhə sadiqliyini nümayiş etdirir. Belə ki, imzalanacaq sənəd regionun gələcək təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır və bu, qarşılıqlı etimadın bərpasında əsas rol oynayacaq. Bu isə yekun sülh sazişinin imzalanmasını sürətləndirəcək.
Vahid Mirzəyev,
Cəlilabad bələdiyyəsinin sədri