• Şb. Noy 23rd, 2024

Möhtəşəm birliyimiz əbədi və sarsılmazdır

ByVuqar Ferzeliyev

İyn 1, 2022

Mayın 26-29 tarixlərində Bakıda keçirilən Texnofestivalda iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında önəmli mesajlar verdi. Türkiyə prezidenti açıq şəkildə bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olmaq siyasətini bundan sonra da davam etdirəcəkdir. Qardaş ölkənin lideri vurğuladı ki, Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək.
Rəcəb Tayyib Əedoğan dedi ki, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ilidir. Türkiyə dəstəyinin tarixi vardır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq.
Ərdoğan dünyaya bir mesaj olaraq bütün bildirdi ki, dünyadakı qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməyindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə meydana gələ biləcək müharibə təhdidlərinə qarşı sinə gərəcəyi ilə bağlıdır. Türkiyə prezidenti bu bölgədə sülhün və təhlükəsizliyin əbədi qalmasında maraqlı olduqlarını bildirdi.
Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq. İşğaldan azad olunmuş torpaqlarda artıq bərpa, yenilənmə, canlanma başlayıb. Dünyanın güclü dövlətlərinin şirkətləri Qarabağda müxtəlif işlər həyata keçirir, infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri reallaşdırırlar. Qardaş Türkiyənin də şirkətləri iri layihələrdə yer alıb, Qarabağın cənnətə çevrilməsi prosesində yaxından iştirak edirlər. Alqış bu birlik və qardaşlığa!

Elçin Hüseynov, Cəlilabad rayon Gİİ-nin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir