Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən xüsusilə vurğulayıb ki, bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir.
Dövlət başçısının qeyd etdiyi kimi, hazırda Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi postmüharibə dövründə ölkə iqtisadiyyatını daha da inkişaf etdirməkdir. Bunun üçün isə işğaldan azad edilmiş ərazilərin potensialından istifadə olunmalıdır. Bu torpaqlardan məqsədəuyğun şəkildə istifadə etməklə məcburi köçkünləri doğma yurdlarına qaytarıb qarşı tərəfi və onun havadarlarını həm də siyasi fakt qarşısında qoymaq lazımdır. Bu istiqamətdə şəhərsalma, yaşayış məntəqələrinin ən müasir tələblərə cavab verməsi şərtilə genişmiqyaslı işlər görülür.
Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu gün ölkənin artan maliyyə potensialı sayəsində əhalinin pul gəlirlərinin artması, eyni zamanda makroiqtisadi sabitliyin dayanıqlığı, bank sektorunda aparılan islahatlar, əmanətlərin sığortalanması fondunun həcminin ildən-ilə çoxalması əhalinin banklara olan etimadının artmasına şərait yaratmışdır.
Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Bu dəfə yeni təyin olunmuş icra başçıları ilə söhbətin ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.
Aqil Qurbanov, KOBİA Cəlilabad rayonu üzrə nümayəndəsi