Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışında vurğulandığı kimi, Azərbaycan uzun illər ərzində Avropa ölkələri ilə əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirir. Strateji tərəfdaşlığa dair xeyli sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Hazırda müzakirə olunan və həll edilən məsələlər də strateji əhəmiyyət daşıyır. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər ölkələrimizin maraqlarına cavab verir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Biznəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron” – bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb.
Vahid Mirzəyev,
Cəlilabad bələdiyyəsinin sədri