• Şb. İyn 21st, 2025

Müstəqillik illərində ordu quruculuğu 

ByVuqar Ferzeliyev

İyn 20, 2025

       Ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik əldə etməsi müstəqil dövlət və onun ayrılmaz atributu olan müstəqil milli ordu yaradılması şansını ortaya qoydu. Təxminən 70 illik fasilədən sonra Azərbaycan xalqının intizarında olduğu belə bir tarixi imkanın meydana gəlməsi, çox təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində olan şəxslər, xalqın ictimai-siyasi həyatında öncül yer tutmaq istəyən insanlar tərəfindən vaxtında və lazımınca qiymətləndirilə bilmədi. Azərbaycana qarşı həyata keçirilən haqsızlıqlara qarşı genişlənən xalq hərəkatı fonunda hakimiyyətə gələnlərin isə səriştəsizliyi, təcrübəsizliyi, xalqın milli mənafelərinə laqeyd münasibətləri Azərbaycan Ordusunun yaranmasını son dərəcə mürəkkəb bir vəziyyətlə qarşılaşdırdı.   

        Azərbaycan xalqına qarşı geniş miqyaslı təcavüzə başlamış Ermənistanla müqayisədə müdafiə qüvvələrinin formalaşdırılmasını ayrı-ayrı iddialı adamların ixtiyarına buraxılması Azərbaycanda ordu əvəzinə, idarəolunmaz silahlı kütlənin meydana çıxmasına səbəb oldu. Ayrı-ayrı Azərbaycan vətəndaşlarının ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq kimi ülvü hissləri düşmənə qarşı mübarizəyə səfərbər edilməli olduğu halda, ayrı-ayrı şəxslərin ordunu parçalamaq istiqamətində apardıqları təxribatların qarşısında ümid edilən qüvvəyə çevrilmədi. Dövlətin ordu quruculuğuna rəhbərliyi təmin edə bilməməsi isə ordunun tamamilə parçalanmasına, siyasi mənsubiyyətə görə qruplaşmasına, bəzi cinayətkar şəxslərin ətrafında cəmləşdirilməsinə yol açdı.

        Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi. XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

        Azərbaycanın Silahlı Qüvvələri insanların dinc həyatını, Vətənin sərhədlərini qorumağa hər an hazırdır.

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir