• Be. Noy 25th, 2024

Nəqliyyat dəhlizləri Rusiya Federasiyası ilə dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.

ByVuqar Ferzeliyev

Avq 21, 2024

     Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də qonşu dövlətlərlə münasibətləri daha da möhkəmləndirmək, əməkdaşlığı genişləndirməkdir. 2020-ci ildə Ermənistan üzərində qazandığımız tarixi qələbədən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artıb. Hər dəfə dövlət başçılarının qarşılıqlı səfərləri dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi dövlət səfəri böyük maraqla izlənildi.   

     Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər bütün sahələr üzrə daim yüksək səviyyədə olub və dinamik xarakter daşıyıb. İkitərəfli münasibətlərin daha da möhkəmlənməsi və inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolu xüsusi qeyd edilməlidir. Bu baxımdan Prezident Vladimir Putinin səfəri dünyanın diqqət mərkəzində idi.

     Azərbaycan və Rusiya prezidentlərinin görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Qarşılıqlı səfərlər bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir. Prezident İlham Əliyev də qeyd etdi ki, hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdır. Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır və dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər həmçinin tarixi xarakter daşıyır və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

     Rusiya Prezidentinin səfəri zamanı qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Bu, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsindən xəbər verir. Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir.

     İki ölkənin liderlərinin görüşü zamanı regional təhlükəsizlik məsələsi də  də müzakirə olunmuşdur. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

     Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərinin də müzakirə olunub, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində bu dəhlizin həm dəmir, həm də avtomobil yolları seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcək. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta sovet dövründə bu qədər qarşılıqlı reys olmayıb. Bu, insanlar arasında təmasların mütəmadi xarakter daşımasından xəbər verir. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur. Bununla yanaşı, neft-qaz sektorunda və elektrik enerjisi sahəsində də fəal işlər aparılır.

     Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənir. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.

     Səfər çərçivəsində iki dövlət arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Rusiya-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirəcək.

Ceyhun Rəhimov,

Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir