• C. Yan 31st, 2025

Nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq

ByVuqar Ferzeliyev

Yan 30, 2025

    Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

   Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik.

   Nəqliyyat məsələlərinə gəldikdə, onu bildirməliyəm ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir – kənd yolları, şəhərlərarası yollar, magistral yollar. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq.

    Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

   Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Bakı-Qəbələ. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı, biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Ağstafa. Yəni, Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, bu yollar, əslində, ölkəmizi bizim qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur.

Pirimov Səxavət

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir