30 ilə yaxın işğal, həmçinin 44 günlük Vətən müharibəsi dövründə seyrçi mövqedə dayanan əksər dövlətlər, beynəlxalq təşkilatlar bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yardımçı olmağa çalışırlar: “Bu, Azərbaycanın artan nüfuzu ilə yanaşı, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının artıq hər bir dövlətin, beynəlxalq təşkilatın marağında olduğunu göstərir. Dövlət başçısı bildirib ki, Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub. Azərbaycan da NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiyməyləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda onu bitirdi. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilib. Sözügedən təcrübə regionda sülh və sabitlik işinə xidmət edir.
Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında, həmçinin keçirdiyi görüşlərdə postmünaqişə dövrünün çağırışlarını bir daha səsləndirərək Ermənistanın sülh sazişi ilə bağlı danışıqlara başlamasının vacibliyini diqqətə çatdırıb: “Dövlət başçısının Brüssel səfəri görüşlərlə zəngin olmaqla yanaşı, müzakirə edilən məsələlərin aktuallığı baxımından da diqqətçəkəndir. Bu məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın yürütdüyü siyasət, həmçinin Vətən müharibəsində tarixi Zəfəri iki və çoxtərəfli çərçivədə əlaqələrini daha da möhkəmləndirir, ölkəmizə beynəlxalq dəstəyi artırır. Ölkə Prezidentinin keçiridiyi görüşlər, ən əsası Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı Bəyanatında yer alan fikirlər ölkəmizin söz sahibliyini nümayiş etdirir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni səhifə açılır. Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın müstəsna rolu. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır.
Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etdiyini xüsusi vurğulayan millət vəkili bildirib ki, ümumiyyətlə, cənab İlham Əliyevin Brüsselə işgüzar səfəri Avropa İttifaqı ilə NATO-nun Azərbaycana dəstəyini nümayiş etdirdi: “Dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO sülh sazişinin imzalanmasına dəstək olmağa hazırdır. Bu, Azərbaycanın ədalətli mövqeyinə dəstəyin ifadəsidir. Ölkə Prezidenti bildirmişdir ki, işğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq, ədalətə inanmaq lazımdır. Ədalətə nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək, fədakarlıq göstərmək lazımdır. Bu gün hamımız deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi.
Orxan Əzimov